Rusiya prezidentinin bu vurğusunun sülhməramlı mexanizmin “vacibsizliyinə” aid olub-olmadığını, yoxsa Putinin sülhməramlılarla birgə iş çərçivəsində bölgədə böhranın dərinləşməsini neytrallaşdırmağın mümkünlüyünü nəzərdə tutduğunu açıq şəkildə söyləmək çətindir. Təbii ki, Paşinyan-Putin telefon danışığı ilə bağlı xəbərlər telefon danışığı zamanı ola biləcək söhbətin və ya gündəmin bəlkə də çox cüzi bir hissəsini və ya ümumiyyətlə həmin telefon danışığının təşəbbüsünün nədən ibarət olduğunu əks etdirir. Maraqlıdır ki, telefon danışığı kifayət qədər canlı diplomatik fəaliyyətlər dövründə baş verir. Üstəlik, Paşinyanla Putin sonuncu dəfə təxminən 20 gün əvvəl, fevralın 23-də danışıblar. Və bu təklif yenidən İrəvan tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Paşinyan fevralın 26-da Almaniyaya yeni işgüzar səfərindən əvvəl Putinə zəng edib və bu səfər zamanı Nikol Paşinyan Almaniya kansleri və prezidenti ilə görüşüb. Həmin səfər çərçivəsində kansler Şolts qondarma “öz müqəddəratını təyin etmək”lə bağlı məlum fikri səsləndirib. Və bu, Rusiyanın xarici işlər naziri Lavrovun Bakıya səfəri ərəfəsində baş verib. Səfər fevralın 27-28-də baş tutub. Paralel olaraq Vaşinqton və Brüssel İlham Əliyev-Mişel-Paşinyan üçtərəfli formatının yeni görüşünün təşəbbüskarı olmağa başlayıb. Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar bir neçə gün sonra Bakıya gəldi və onun Bakıya səfərinə paralel olaraq martın 5-də ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi Luis Bono Bakıya regional səfərə gəldi və bununla da ilk səfərinə başladı. Məhz həmin gün Ermənistanın təxribatı baş verdi. Klaar Qarabağda baş verən insident fonunda danışıqların vaicbliyinə diqqət çəkdi, Bono isə İrəvanda Azərbaycana qarşı hansısa sanksiyaların qəbuledilməz olduğunu ifadə etdi. Hər iki rəsminin bəyanatı İrəvanda narazılıqla qarşılandı.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 12-də bəyan etdi ki, Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək: “Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır”.
Məhz bu fonda Emənistanın baş nazirinin təşəbbüsü ilə Putinlə telefon danışığı baş tutur, burada mövcud danışıqlarda yeganə istisna hal Putinin bütün problemlərin tərəflər arasında Rusiya sülhməramlıları ilə ünsiyyət vasitəsilə həll edilməsinin vacibliyini vurğulamasıdır. Bəs konstruktivizmdən kim imtina edir?
İstər Ermənistan daxilində, istərsə də Qarabağda rus hərbi qüvvələrinin mövcudluğu barədə əks fikirlər səsləndirilir. Artıq 102-ci baza ətrafında baş verən mitinqlər Xocalıdakı rusların qərargahı qarşısına köçürülüb. Konstruktivizmdən hansı tərəfin imtina etdiyi və təxribata əl atdığı aşkardır. Bu baxımdan sual yaranır ki, İrəvanı konstruktivlik meydanına çıxarmaq üçün hansı mexanizm var? Hələlik bu suala siyasi baxımdan müsbət cavab perspektivinin praktiki konturları yoxdur. Hərbi baxımdan isə bu perspektiv olduqca yaxındır.
Aqil Məmmədov
Ordu.az